AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 19 Noyabr 2020 - 17:25   
    Xüsusi karantin rejimində dəyişikliklərə dair qərar qəbul edilib


    Nazirlər Kabinetinin 450 və 451 № li Qərarlarına dair

    https://nk.gov.az/az/document/4917/

    https://nk.gov.az/az/document/4918/


    Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti müzakirə edərək xüsusui karantin rejimində bəzi dəyişikliklər haqda qərar qəbul edib.
    Buna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.
    Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:
    - Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;
    - Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;
    - 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;
    - 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;
    - 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.
    Xatırladaq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
    450 № li Qərara 1 №li Əlavədə noyabrın 21-dən dekabrın 28-dək şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısı qeyd edilib
    Fəaliyyətinə icazə verilən sahələr
    1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
    2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
    3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
    4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
    5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
    6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
    7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;
    8. mühafizə xidmətləri


     

     







    © Nazirlər Kabineti 2008 - 2018