AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 25 Dekabr 2020 - 18:54   
    Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Təhsil Nazirliyinə ödəniləcək haqların məbləğləri təsdiq edildi


    Nazirlər Kabinetinin  508  № li Qərarına dair

    İzah

    https://nk.gov.az/az/document/5027/

    “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasının təmin etmək məqsədilə qəbul edilmişdir.

    Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ölkəmizin təhsil sistemində yeni bir sahə olduğundan, bu sahədə yüksək bilik və bacarıqlara malik peşəkar ekspertlərin prosesə cəlb edilməsinə xüsusi zərurət vardır. Yerli əmək bazarında bu yeni sahə üzrə yüksəkixtisaslı kadrların çatışmazlığı və ən əsası, prosesin dövlət təhsil sənədinin verilməsi ilə nəticələnməsindən doğan həssaslıq, sahə üzrə ixtisaslaşmış xarici şirkətlərin, o cümlədən xarici mütəxəssislərin bu prosesə cəlb edilməsini labüd edir.

    Beynəlxalq standartlara əsasən göstərilən xidmətin dəyərinin müəyyən edilməsi üçün həmin xidmətin göstərildiyi zaman sərf olunan birbaşa və dolayı xərclər, qiymətləndirmə zamanı müvafiq texniki avadanlıqlar olmadığı təqdirdə avadanlıqların icarəsinə sərf olunan xərclər, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçilərinə vəzifə maaşlarına əlavələrin verilməsi və mükafatlandırma sisteminin tətbiq edilməsi ilə əlaqədar xərclər nəzərə alınmışdır.

    Yuxarıda göstərilən xərc istiqamətləri nəzərə alınmaqla peşə təhsilinə dair qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin müvafiq ixtisas üzrə qiymətləndirilməsi və tanınması üzrə bir xidmətin haqqı 100 manat məbləğində, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi üzrə bir xidmətin haqqı 80 manat məbləğində müəyyən edilmişdir.

    Eyni zamanda peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq təkrar peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üzrə bir xidmətin haqqı 20 manat məbləğində müəyyən edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018