Nazirlər Kabinetinin 41 № li Qərarına dair İzah
https://nk.gov.az/az/document/5165/
Sözügedən layihə işçilərin formal məşğulluğa marağının artırılması məqsədilə ipoteka kreditlərinin verilməsində muzdlu işlə əlaqədar əldə edilən, yəni əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər də daxil olmaqla, bütün gəlirlərin stimullaşdırıcı amil kimi nəzərə alınması imkanlarının genişləndirilməsi məqsədilə hazırlanmışdır.
Layihədə muzdlu işlə əlaqədar əldə edilən gəlirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminin məlumatları əsasında müəyyən edilməsi qeyd edilmişdir ki, bu da öz növbəsində ipoteka krediti üçün müraciət etmiş şəxslərin rəsmi gəlirlərinin tam məbləğinin müəyyən edilməsinə şərait yaradacaqdır.
Belə ki, muzdlu (muzdla işləyənlər (muzdlu işçilər) - müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi bağlamış bütün işçilərdir) əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları məcburi dövlət sosial sığortaya cəlb olunan gəlir növləri hesab edildiyindən Nazirliyin “Sığorta” altsistemində əks olunur. Məhz bu səbəbdən “Sığorta” altsistemdən istifadə real gəlirlərin müəyyən olunmasına, eyni zamanda gəlirlərin tam məbləğinin bəyan edilməsinə şərait yaratmaqla formal məşğulluğa keçidi təmin etməkdə stimullaşdırıcı amil rolunu oynayacaqdır.