AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 16 Mart 2021 - 19:30   
    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair məruzəsi


    Hörmətli sədr!  Hörmətli millət vəkilləri!

    Bu gün bu yüksək kürsüdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti haqqında hesabatı ilə əlaqədar Milli Məclis qarşısında çıxış etməkdən məmnunluq duyuram.

    2020-ci il Azərbaycan Respublikasının şanlı dövlətçilik və müstəqillik tarixində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın Müzəffər Ordumuz tərəfindən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə əlamətdar olmuşdur.

    44 gün davam edən Vətən müharibəsində qazandığımız bu möhtəşəm Zəfər əsgər və zabitlərimizin sarsılmaz iradəsini, xalqımızın yenilməz ruhunu və qələbə əzmini, xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirdi.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət, dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial Şanlı Ordumuzun düşmən üzərində parlaq və qəti qələbəsini şərtləndirdi.

    Bir daha Böyük Qələbə münasibətilə Ali Baş Komandanı, Silahlı Qüvvələrimizi, bütün xalqımızı, sizləri - hörmətli millət vəkilləri ürəkdən təbrik edirəm.

    2020-ci il COVID-19 pandemiyasının yaratdığı fəsadlara baxmayaraq, bir sıra mühüm siyasi, iqtisadi və sosial hadisələrlə yadda qalmışdır.

    VI Çağırış Azərbaycan Respublikası Milli Məclisinə demokratik şəraitdə keçirilmiş seçkilər ötən ilin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmışdır.

    Hesabat ili ərzində Hökumətlə Milli Məclis arasında işgüzar əməkdaşlıq münasibətləri daha da dərinləşmişdir. Nazirlər Kabineti istər büdcə müzakirələrində, istərsə də Hökumətin illik fəaliyyətinin təqdimatı zamanı parlament üzvlərinin sorğu və təkliflərinə diqqətlə yanaşmışdır.       

    Hesabat ilində strateji layihələrin icrası, sosial-iqtisadi və digər islahatların həyata keçirilməsi sahəsində aparılan məqsədyönlü işlər davam etdirilmişdir.

    Ötən ilin son günlərində Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya ixracına başlandı. Bir çox ölkələri birləşdirən Cənub Qaz Dəhlizi, cənab Prezidentin qeyd etdiyi kimi, Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur.

    2020-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində  Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir.

    Dünya Bankı tərəfindən Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra pozisiyalar üzrə ən qabaqcıl yerlərdədir.

    Bundan əlavə Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pilləyə yüksəlmişdir.

    Ötən il həm də bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə və onun neqativ təsirlərinin aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirilmişdir. Bu xəstəliyə qarşı mübarizənin səmərəli və koordinasiyalı şəkildə aparılması üçün Prezidentin Sərəncamı ilə Operativ Qərargah yaradılmışdır.

    Ölkə başçısının tapşırığına əsasən dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilmiş, vətəndaşlarımızın sağlamlığının qorunmasına səfərbər edilmişdir. Ölkədə maska və dərman qıtlığı aradan qaldırılmış, laboratoriyaların sayı artırılmış, testlərin təchizatı təşkil olunmuş, qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların bir çoxu koronavirusla mübarizəyə cəlb edilmişdir.

    Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə il ərzində xarici ölkələrdən tibbi personal dəvət edilmişdir.

    Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ötən il səhiyyə xərclərinə 644 mln. manat vəsait ayrılmışdır.

    Cənab Prezidentin Fərmanı ilə yaradılmış xüsusi dəstək fonduna 114 mln. manatdan artıq vəsait yığılmışdır. Fondun vəsaitindən istifadə olunaraq koronavirusa qarşı peyvəndlər artıq alınmış, ölkəmizə gətirilmiş və yanvar ayının 18-dən vaksinasiya prosesinə başlanılmışdır. Bugünədək 459 min nəfərə yaxın əhali vaksinasiya olunmuşdur.

    Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış birinci ölkə olmuşdur.

    Ümid edirik ki, vaksinasiya prosesinə start verilməsi xəstəliyin miqyasının azalmasında həlledici rol oynayacaq.

    Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə cənab Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Planın icrası istiqamətində Hökumət tərəfindən qısa müddət ərzində büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatı yaradılmışdır.

    2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması üçün sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 mln. manat, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün 277 mln. manat, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması üçün 90 mln. manat yönəldilmiş, 115 mln. manat həcmində vergi güzəştləri təqdim edilmişdir.

    COVID-19 pandemiyası dövründə dövlətin “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri ölkə əhalisinin 4 milyon 800 min nəfərini əhatə etmişdir.

    600 min işsiz, o cümlədən xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi təmin edilmiş və bu məqsəd üçün ümumilikdə 450 mln. manat vəsait xərclənmişdir.

    Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənməsi məqsədilə dövlət büdcəsindən 27 mln. manata yaxın vəsait xərclənmişdir.

    Həmçinin özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilmiş və 2020-ci il ərzində 12 200 işsiz və işaxtaran aztəminatlı şəxsi əhatə etmişdir.

    Ümumilikdə məşğulluq və sosial rifaha dəstək bölməsi üzrə 610 mln. manat vəsait xərclənmişdir.

    Bütövlükdə isə, pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata toplam olaraq təxminən 2,5 mlrd. manat həcmində dəstək göstərilmişdir.

    Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası pandemiya ilə beynəlxalq mübarizəyə dəstək olaraq 30-dan artıq ölkəyə yardım göstərmişdir.

    Hörmətli millət vəkilləri!

    Pandemiya ilə əlaqədar olaraq dünyada ticarət dövriyyəsinin azalması, neft qiymətlərində kəskin volatillik, məcmu tələbin daralması və artan qeyri-müəyyənliklər qlobal iqtisadi aktivliyə mənfi təsir göstərmişdir. Təbii olaraq bütün dünyada 2020-ci il iqtisadi tənəzzül ili olmuş, Azərbaycanın da iqtisadiyyatına təsirsiz ötüşməmişdir.

    2020-ci ildə ölkədə 72,4 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 4,3% az ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir.

    Ötən il sənaye istehsalı 5% azalmışdır. Bu azalma "OPEC+" ölkələri tərəfindən neft hasilatı üzrə qəbul edilən məhdudiyyətlər səbəbindən baş vermişdir. Lakin sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5% artmışdır. Neft-qaz hasilatında 8% azalma olsa da, qaz hasilatı 4,3% və qaz ixracı isə 16% artmışdır.

    2020-ci ildə elektrik enerjisinin istehsalı 25,8 mlrd. kVt/st (istehlakı isə 22 mlrd. kVt/st) olmuşdur. Respublikanın enerji sistemində reabilitasiya proqramının həyata keçirilməsinə başlanılmışdır.

    Xarici tərəfdaşlar cəlb edilməklə bərpaolunan enerji növləri üzrə elektrik stansiyalarının tikintisinə dair müqavilələr həyata keçirilir.

    2020-ci ildə pandemiyaya və xarici mühitin pisləşməsinə qarşı Hökumətin gördüyü tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmişdir. Belə ki, istehlak qiymətləri indeksi mövcud iqtisadi problemlər fonunda yüksək olmamışdır. Həyata keçirilən tədbirlər, o cümlədən monetar siyasət və manatın məzənnəsinin sabitliyi inflyasiyanı minimal 2,8 faiz səviyyədə saxlamağa imkan vermişdir.

    Ötən il ödəmə qabiliyyətini itirmiş 4 bankın lisenziyası ləğv edilmişdir. Ümumilikdə 4 bank üzrə bu günədək 24,5 minə yaxın əmanətçiyə 628 mln. manat məbləğində qorunan əmanətləri üzrə kompensasiya ödənilmişdir.

    Beynəlxalq konyunkturun əlverişsiz olmasına baxmayaraq ölkənin strateji valyuta ehtiyatları ötən il ərzində 51,2 mlrd. dollara çataraq ÜDM-nin həcmini üstələmişdir. 2020-ci il üzrə birbaşa xarici dövlət borcu ÜDM-in 19%-ni təşkil edir ki, bu da iqtisadi təhlükəsizlik meyarlarına tam cavab verir.

    Xarici ticarət dövriyyəsinin azalmasına baxmayaraq, ticarət saldosu müsbət 3 mlrd. dollar olmuşdur.

    2020-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,4% artaraq 707 manat təşkil etmişdir.

    Ötən il bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmişdir. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği təxminən 300 manata, yaşa görə pensiyanın orta məbləği isə 330 manata çatmışdır. Pensiyaların orta aylıq məbləği 13%-dən çox artmışdır.

    Ünvanlı dövlət sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilmişdir. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə 216 mln. manat ünvanlı yardım ödənilmişdir. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 240 manat təşkil etmişdir.

    Şəhid ailələri, həmçinin müharibə əlilləri və onların ailə üzvləri cənab Prezidentin və Birinci vitse-prezidentin daim xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.

    Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən Prezident təqaüdlərinin aylıq məbləğinin artırılması ilə bağlı müvafiq fərmanlar imzalanmışdır. 44 günlük Vətən Müharibəsində şəhid olmuş 2881 nəfərin bu günədək 2695-nin ailələrinə, xəsarət almış və əlil olmuş hərbi qulluqçulara bütövlükdə 44 mln. manatdan çox sığorta ödənişləri verilmişdir. Bu istiqamətdə tapşırıqların icrası Hökumətin gündəlik nəzarətindədir.

    Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralıların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılmışdır.

    Hörmətli millət vəkilləri!

    2020-ci ildə institusional sahədə həyata keçirilən islahatlar davam etmişdir. Cənab Prezidentin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır və bütün dövlət qurumlarını əhatə etməkdədir. Hökumətə təqdim edilən təkliflərin hər birində antikorrupsiya mexanizmlərinin nəzərdə tutulması, sui-istifadə hallarına yol verilməməsi mərkəzi icra hakimiyyəti orqanları qarşısında müəyyən edilən əsas tələblərdən biridir.

    Ölkəmizdə dövlət şirkətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların korporativ idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının və dayanıqlığının təmin edilməsi məqsədilə cənab Prezident tərəfindən “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılmışdır.

    Holdinqin Nizamnaməsi təsdiq edilmiş, Müşahidə Şurası və İdarə Heyəti formalaşdırılmışdır. 22 iri dövlət müəssisəsinin mərhələli şəkildə Holdinqin idarəetməsinə verilməsi planlaşdırılır və bugünədək artıq 8 dövlət şirkəti Holdinqin idarəetməsinə verilmişdir.

    Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən müvafiq strategiyanın formalaşdırılması məqsədilə cənab Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılmış və onun tərkibi təsdiq edilmişdir.

    İcbari tibbi sığorta sisteminin qurulması institusional islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə Naxçıvan Muxtar Respublikasında və 23 inzibati ərazi vahidində tətbiqinə başlanılmışdır. Bu proses ölkənin digər 36 şəhər və rayonunu əhatə etməklə 2021-ci ildə də mərhələli olaraq davam etdiriləcəkdir.

    Hörmətli millət vəkilləri!

    Aqrar sektor hesabat ilində də prioritet sahə olaraq diqqət mərkəzində saxlanılmışdır. Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 402,7 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2019-cu illə müqayisədə 63,3 mln. manat və ya 18,7 faiz çoxdur. 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilən yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiyanın verilməsinə başlanılmışdır.

    Aqrar sığorta mexanizminin formalaşdırılması məqsədilə “Aqrar sığorta haqqında” Qanun və Qaydalar qəbul olunmuş və “Aqrar Sığorta Fondu” təsis edilmişdir.

    Dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması həm ölkəmizin ərzaq təhlükəsizliyinə, həm də bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəkdir.

    2020-ci ildə kənd təsərrüfatının suvarma suyuna tələbatının ödənilməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, dövlət başçısının Sərəncamı ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Komissiya yaradılmış, 2020-2022-ci illəri əhatə edən Tədbirlər Planının icrasına başlanılmışdır.

    Operativ tədbirlərlə yanaşı, Nazirlər Kabinetinin Sərəncamı ilə ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı təsdiq edilmişdir.

    Cari ildə əsas vəzifələrdən biri kimi işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla ölkədə su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetiriləcəkdir. Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılacaqdır.

    Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçiriləcəkdir.

    2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində cənab Prezident Hökumətin qarşısında iqtisadi sahədə duran vəzifələri və prioritetləri dəqiq qeyd etmişdir.

    2021-ci il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunması, izafi xərclərin qarşısının alınması üçün maliyyə intizamı və nəzarət daha da gücləndiriləcəkdir.

    Dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaqdır.

    Özəl sektoru investisiya layihələrinin maliyyələşməsinə cəlbi və dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək, dövlət investisiya layihələrinin səmərəliliyi yüksəldiləcəkdir.

    Nazirlər Kabineti özünün fəaliyyət proqramı kimi qəbul etdiyi cənab Prezidentin bütün vəzifə və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin edəcəkdir. 

    Hörmətli millət vəkilləri!

    Azərbaycan 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar Azərbaycanın iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır.

    Hazırda post-pandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir. Cənab Prezident tərəfindən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncam imzalanmış, Hökumətə "2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Artıq Hökumət tərəfindən bu istiqamətdə Komissiya və alt işçi qrupları yaradılaraq müvafiq işlərə başlanılmışdır. 

    Təbii olaraq ötən illər ərzində milli iqtisadiyyatın inkişafı və dövlətin maliyyə imkanlarının genişlənməsi fonunda hərbi potensialımız və ölkəmizin müdafiə qabiliyyəti də güclənmişdir. Vaxtilə alınmış müasir silah, sursat və hərbi texnika Vətən Müharibəsində uğurla sınaqdan çıxmış və özünü doğrultmuşdur.

    Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin döyüş hazırlığı və maddi-texniki təchizatı hər zaman olduğu kimi, bundan sonra da ən vacib prioritet olaraq qalacaq.

    Təsadüfi deyildir ki, Azərbaycan Ordusunun müharibə dövründə nümayiş etdirdiyi döyüş taktikası və tətbiq edilən müasir hərbi texnologiyalar hərbi mərkəzlər və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.                                                  

    Hörmətli millət vəkilləri!

    Təəssüf ki, qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ otuz ilə yaxın düşmən tərəfindən amansız, vəhşicəsinə istismar edilmişdir.

    Lakin biz işğaldan azad edilmiş yerlərə həyatı qaytaracağıq, bütün viran qalmış yerləri bərpa edəcəyik.

    Dövlət başçısının müvafiq göstərişlərinə əsasən işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı ilkin işlərə artıq başlanılmışdır. Bütün ərazilərin və şəhərlərin bərpası prosesinin vahid konsepsiya əsasında həyata keçirilməsi nəzərdə tutulur.

    İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı vəzifələrin icrası üçün 2021-ci ilin dövlət büdcəsində ilkin olaraq 2,2 mlrd. manat maliyyə təminatı yaradılmışdır. Təbii ki, bu istiqamətdə atılacaq ən birinci və önəmli addım azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsidir. ANAMA-nın yenidən təşkili bu istiqamətdə işlərin keyfiyyətcə yeni səviyyədə aparılması baxımından böyük əhəmiyyət kəsb edir.

    Bildiyiniz kimi, mənfur düşmən müharibə zamanı münaqişə zonasından uzaqda yerləşən kənd və şəhərlərimizə də zərbələr endirmişdir. Ötən il noyabrın 6-da cənab Prezident 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.

    Sərəncama uyğun olaraq və onun icrasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyası tərəfindən zərər çəkmiş evlərin tikintisinin və bərpasının qısa müddət ərzində başa çatdırılması üçün tədbirlər  görülməkdədir.

    Bütün iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa edilməsi regionda davamlı sülhün və inkişafın təmin edilməsi üçün olduqca vacibdir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli bəyanatında təsbit edilmişdir. Azərbaycanı öz ayrılmaz hissəsi olan və uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.

    Bu məsələlərin koordinasiyalı və operativ həlli məqsədilə üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi ilə yaradılmış işçi qruplar artıq əməli fəaliyyətə başlamışlar. 

    Eyni zamanda, bildiyiniz kimi, cənab Prezident İlham Əliyev Cənubi Qafqazda yeni formatda əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Əminik ki, bu platforma regional əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcəkdir və bütün bölgə ölkələri üçün faydalı olacaqdır.

    Hörmətli sədr! Hörmətli millət vəkilləri!

    Bu gün bu yüksək kürsüdən çıxış edərək sizi və sizin simanızda, hörmətli millət vəkilləri, bütün Azərbaycan xalqını öz adımdan və Hökumət adından bir daha əmin etmək istərdim ki, cənab Prezidentin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və uzaqgörən siyasi kursa uyğun olaraq qarşımızda duran şərəfli və məsuliyyətli vəzifələri vaxtında və uğurla yerinə yetirmək üçün Hökumətin hər bir üzvü öz səy və gücünü bundan sonra da əsirgəməyəcək və yüksək əzmlə çalışacaqdır.   

    Hər birinizə 2021-ci ildə qanunvericilik sahəsindəki ardıcıl və səmərəli  fəaliyyətinizdə uğurlar arzu edirəm.

    Diqqətinizə görə sağ olun!


     

     







    © Nazirlər Kabineti 2008 - 2018