AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 29 Sentyabr 2021 - 23:10   
    Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin sədrliyi ilə Bakıda iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib


    Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
    Görüşdə çıxış edən Baş nazir Ə.Əsədov Gürcüstanın Baş nazirinin qısa zaman kəsiyində Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək bunu iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi səciyyələndirdi.
    Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşadıqları vurğulandı. Müstəqillik dövründə qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd edildi.
    İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulandı.
    İkitərəfli əlaqələrin müxtəlif sahələrdə – xüsusən iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və humanitar sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.
    Pandemiyanin mənfi təsirinə baxmayaraq cari ilin 8 ayında ticarət dövriyyəsinin 41% artdığı diqqətə çatdırıldı. Azərbaycanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri, həmçinin Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğu xüsusi vurğulandı.  
    Enerji sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək iki ölkənin birgə həyata keçirdiyi layihələrin bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı. Bildirildi ki, bu layihələr Cənubi Qafqazın transformasiyasında mühüm rol oynayıb, bölgənin enerji xəritəsini dəyişib. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edildiyi bildirilərək bu layihənin həm Azərbaycan, həm Gürcüstanın rifahı və inkişafı üçün böyük əhəmiyyət daşıdığı vurğulandı.
    İki ölkə arasında nəqliyyat və tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edildi. Hətta pandemiya şəraitində nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırıldı. Bunun nəticəsi olaraq cari ilin 8 ayında Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınan yüklərin həcmində artım olduğu bildirildi.
    Baş nazir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə söhbət açaraq regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektivlər vəd etdiyini və bütün bölgə ölkələri üçün faydalı olacağını vurğuladı, o cümlədən, xüsusi olaraq Zəngəzur dəhlizini qeyd etdi.
    Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini, dostluq münasibətlərini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırdı.
    Azərbaycan ilə Gürcüstan tərəfindən uğurla həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulandı. Bildirildi ki, Gürcüstan bütün istiqamətlərdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. İrakli Qaribaşvili investisiya sahəsində Azərbaycanın Gürcüstanda lider olduğunu qeyd etdi. O pandemiya dövründə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi vurğuladı.
    İclas zamanı gündəlikdə duran məsələlərə dair məruzələr dinlənildi, geniş fikir mübadiləsi aparıldı. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə edildi.
    Sonda Azərbaycan Respublikası ilə Gürcüstan arasında
    - İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu;
    - “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”.
    - “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”.
    - “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram”.
    - “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”.
    - “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu” imzalanmışdır.





     

     







    © Nazirlər Kabineti 2008 - 2018