AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 29 Sentyabr 2021 - 23:13   
    Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı


    Hörmətli cənab Baş nazir,

    Sizi və hörmətli nümayəndə heyətinizi bir daha Bakıda salamlayıram.

    Kifayət qədər qısa müddət ərzində biz ikinci dəfə görüşürük. Bu, Azərbaycan və Gürcüstanın vacib və yaxın tərəfdaşlar olduğunu təsdiqləyir. Bu ilin may ayında Bakıya səfəriniz zamanı keçirdiyimiz görüşü xoş təəssüratlarla xatırlayıram.

    Müxtəlif formatlarda təmaslar, şübhəsiz ki, ölkələrimizin ikitərəfli münasibətlərinə müsbət təsir göstərir və, eyni zamanda, əməkdaşlığımızın inkişafına əhəmiyyətli töhfə verir.

    Məlum olduğu kimi, gələn il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu illər ərzində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə çatıb.

    Ölkələrimizi çoxəsrlik dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma telləri bağlayır. Azərbaycan Gürcüstanla bir çox sahələrdə uğurla inkişaf edən münasibətlərinə böyük əhəmiyyət verir.

    Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyib. Biz çətin zamanlarda hər zaman bir-birimizin yanında olmuşuq.

    Bu ilin iyul ayında baş verən əlamətdar hadisə - Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması qardaşlıq münasibətlərimizin növbəti təsdiqi oldu. Əminəm ki, bu, paytaxtlarımız arasındakı münasibətlərin dərinləşməsinə və, eyni zamanda, ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edəcəkdir.

    Sizin Gürcüstandakı Azərbaycan icmasına, eləcə də ümumilikdə Azərbaycan xalqına şəxsi isti münasibətinizi yüksək qiymətləndiririk. Bu yaxınlarda Gürcüstanda SOCAR-ın iştirakı ilə tikilmiş idman kompleksinin açılışı zamanı Azərbaycan xalqı və dövlətlərimizin münasibətləri haqqında söylədiyiniz fikirləri xoş təəssüratlarla xatırlayırıq.

    Azərbaycan və Gürcüstan bütün məsələlərdə, xüsusən də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir.

    Hökumət xətti ilə aktiv işlər aparılır, nazirliklər və idarələrarası qarşılıqlı fəaliyyətin səviyyəsi kifayət qədər yüksəkdir. Bununla belə ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlığımızın potensialının tam şəkildə həyata keçirilməsi üçün zəruri olan addımları müzakirə etməliyik.

    Eyni zamanda, digər sahələrdə əməkdaşlığımızın daha da inkişafı üçün yaxşı imkanlar mövcuddur - rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə və digər sahələrdə.

    Bu imkanların reallaşdırılması baxımından Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi zəruri idi. Müxtəlif səbəblərdən komissiyanın iclası uzun müddətdir ki, keçirilmirdi.

    Son səfəriniz zamanı biz sizinlə bunu xüsusi olaraq vurğuladıq və işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarımıza tapşırıqlar verdik. 

    Çünki Komissiya ikitərəfli iqtisadi əlaqələrimizin müxtəlif sahələrdə inkişafına təkan verilməsi üçün mühüm platformadır.

    Sevindirici haldır ki, bu gün həm hökumət başçıları səviyyəsində, həm də idarələrarası səviyyədə Azərbaycan-Gürcüstan qarşılıqlı faydalı tərəfdaşlığının bütün aspektlərini müzakirə etmək üçün yaxşı fürsətimiz var. Əminəm ki, müzakirələrimiz, qəbul edəcəyimiz qərarlar və bu gün imzalanacaq sənədlər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə yeni nəfəs verəcək.

    Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının gündəliyi çox genişdir. Əməkdaşlığımız çoxşaxəlidir, kifayət qədər geniş sahələri əhatə edir və ən əsası müsbət məcrada inkişaf edir.

    Əlbəttə ki, koronavirus pandemiyası səbəbindən ötən dövr qlobal iqtisadiyyat üçün çox çətin keçdi. Məcburi məhdudiyyətlər bütün ölkələrdə biznesə və iqtisadi dinamikaya mənfi təsir göstərdi. Təbii ki, bu, bizim ticarət əlaqələrimizdən də yan keçmədi.

    2020-ci ildə ticarət dövriyyəmiz bir qədər azaldı. Buna baxmayaraq, hətta pandemiya dövründə ticarət dövriyyəsini artırmaq üçün səylərimizi davam etdiririk. Bunun nəticəsi olaraq cari ilin 8 ayında ticarət dövriyyəmiz 41% artaraq 536 mln. ABŞ dollarını ötmüşdür.

    Ticari-iqtisadi əlaqələrimizin nəinki böhrandan əvvəlki səviyyəsinin bərpa edilməsi, eyni zamanda, daha da artırılması üçün şərait yaratmaq məqsədilə əlavə səylərin göstərilməsi vacibdir. Bunun üçün kifayət qədər potensialımız vardır.

    Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Bu, əlverişli investisiya mühitinin yaradılması istiqamətində hökumətiniz tərəfindən aparılan islahatların səmərəliliyini açıq şəkildə göstərir. Ümid edirik ki, bu, gələcəkdə də davam edəcəkdir.

    Biz də, öz növbəmizdə, Gürcüstan şirkətlərinin Azərbaycan bazarında fəaliyyəti üçün lazımi şəraiti yaradırıq. Azərbaycanda ticarət, sənaye, xidmət, nəqliyyat, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 500-dən çox Gürcüstan kapitallı şirkət qeydiyyatdan keçib.

    Birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

    Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edib, bölgənin siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişib. Bu layihələr Azərbaycan və Gürcüstana öz rifahını, sosial-iqtisadi inkişafını təmin etməyə və ölkələrimizin beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini artırmağa imkan yaradıb.

    Ötən ilin son günləri tarixi əhəmiyyətli bir hadisə ilə əlamətdar oldu. Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri istifadəyə verildi. Azərbaycan qazı Avropaya çatdırılmağa başladı.

    Bu layihə təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş Avrasiya bölgəsində ümumi inkişaf, sabitlik, əməkdaşlıq üçün əhəmiyyətlidir. Qeyd etmək istərdim ki, bütün bunlar bizim əməkdaşlığımız olmadan mümkün olmazdı.

    Nəqliyyat-tranzit sahəsində əməkdaşlığımız uğurla davam edir. Hətta pandemiya şəraitində biz nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirləri gördük.

    2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi iki dəfədən çox artmışdır. 2021-ci ilin 8 ayı ərzində bu marşrut üzrə yük daşımalarının həcmi 345 min tondan çox olmuşdur.

    Dəhlizin tam gücü ilə işə salınması üçün Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə işlər davam edir. Bu baxımdan, Marabda-Türkiyə Respublikasının sərhədinə qədər olan dəmir yolu sahəsinin inşasının başa çatdırılması və mərhələli şəkildə istismara verilməsi üçün Gürcüstan tərəfindən müvafiq işlərin sürətləndiriləcəyinə ümid edirik.

    Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və digər dəhlizlər çərçivəsində də əməkdaşlıq uğurla davam edir.

    Nəqliyyat-tranzit sahəsindən danışarkən, əlbəttə ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarının vacibliyini xüsusi qeyd etmək lazımdır.

    Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası bütün region ölkələri üçün faydalıdır.

    Yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması yük daşımalarının artmasına xidmət edəcək və regional miqyasda iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcəkdir. Mən konkret olaraq Zəngəzur dəhlizini nəzərdə tuturam.

    Mədəni və humanitar sahə Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

    Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət naziri bu yaxınlarda Gürcüstanda səfərdə olmuşdur və səfər çərçivəsində həm sizinlə, həm də ölkənizin digər rəsmi şəxsləri ilə bir sıra səmərəli görüşlər keçirmişdir. Bu görüşlərdə hər iki ölkənin mədəni irsinin qorunması məsələsi diqqət mərkəzində olmuşdur.

    Biz, həmçinin insanlar arasında təmaslara da böyük əhəmiyyət veririk. Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrimizin inkişafında çox böyük rolu var. Azərbaycan və Gürcüstan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir və bu, bizim böyük sərvətimizdir.

    Turizm Azərbaycan-Gürcüstan əməkdaşlığının digər prioritet sahəsidir. 2019-cu ildə Gürcüstana başqa ölkələrdən ən çox turist Azərbaycandan gəlmişdir - bir milyon yarımdan çox adam.

    Koronavirus pandemiyası bütün dünyada turizm sahəsini iflic etdi. Təəssüf ki, ölkələrimiz də istisna deyil. Ancaq əminəm ki, pandemiya azaldıqca və məhdudiyyətlər götürüldükcə ölkələrimiz arasında turist axını bərpa olunacaqdır.

    Çıxışımı bu nikbin notlarla tamamlamaq istərdim.

    Sonda qeyd etmək istərdim ki, əlaqələrimizin geniş perspektivlərini, eləcə də yüksək qarşılıqlı marağı nəzərə alaraq, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialını möhkəmləndirmək üçün birgə səylərimizi gücləndirməliyik.

    Əminəm ki, bugünkü danışıqlar bütün sahələrdə qarşılıqlı fəaliyyətimizə əlavə təkan verəcək, yeni təşəbbüslərin irəli sürülməsi və böyük perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına xidmət edəcəkdir.

    Biz öz tərəfimizdən qarşılıqlı fəaliyyətə və qarşımızda duran məsələlərin birgə həllinə tam hazırıq.

    Diqqətinizə görə sağ olun.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018