AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 05 Noyabr 2021 - 17:52   
    İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası təsdiq edildi


    Nazirlər Kabinetinin 340 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5676/

    Qərar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması ilə əlaqədar məsələləri tənzimləyir.

    Qeyd edək ki, ağlabatan uyğunlaşdırma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsidir. Bu baxımdan Qərarda infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydası müəyyən edilmişdir.

    Həmçinin Qərarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırlması barədə müddəalar əks olunmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018