AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 03 Dekabr 2021 - 19:04   
    Baş nazir Əli Əsədov Milli Məclisdə çıxış edib


    Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Milli Məclisdə Büdcə haqqında qanun layihəsinin üçüncü oxunuşda müzakirəsində iştirak edib.

    Büdcə haqqında qanun təsdiqləndikdən sonra Baş nazir çıxış edib.

    Baş nazir Əli Əsədovun çıxışı

    Hörmətli xanım sədr! Hörmətli millət vəkilləri! Hər birinizi salamlayıram.

    İlk növbədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə səmərəli və aktiv müzakirəsindən məmnunluğumu bildirmək istərdim.

    Millət vəkillərinə qaldırdıqları aktual məsələlərə, suallarına, dəyərli təklif və tövsiyələrinə görə təşəkkürümü bildirirəm. Eyni zamanda büdcə müzakirələrinin səmərəli təşkilinə görə Milli Məclisin rəhbərliyinə, hörmətli Sahibə xanım şəxsən Sizə, müvafiq komitə sədrlərinə, Hesablama Palatasına öz adımdan və Hökumət üzvləri adından minnətdarlığımı çatdırıram.

    İstər plenar, istərsə də komitə iclaslarında millət vəkillərinin verdiyi suallar Hökumətin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri tərəfindən cavablandırılmışdır. Mən də qaldırılan bəzi məsələlərə öz münasibətimi bildirmək istərdim.

    Xüsusilə vurğulamaq istərdim ki, təqdim olunan 2022-ci il dövlət büdcəsi miqyasına görə - istər gəlir və xərclərin həcminə, istər sosialyönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir.

    Hamımız böyük fəxr və qürur hissi keçiririk ki, bir il bundan əvvəl işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən azad edilmişdir. Böyük Qələbədən sonra yaranmış siyasi və sosial-iqtisadi şəraitin şərtləndirdiyi yeni çağırışlar təbii olaraq əsas maliyyə sənədimiz olan dövlət büdcəsinin layihəsində nəzərə alınmışdır.

    Vətən müharibəsində tarixi Qələbə ilə yaranan yeni inkişaf çağırışlarını nəzərə alaraq, cənab Prezident tərəfindən 2021-ci il 2 fevral tarixində “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncam imzalanmış və Hökumətə "2022-2026-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı müvafiq tapşırıq verilmişdir. Strategiya layihəsinin hazırlanması artıq başa çatdırılmış və təsdiq üçün cənab Prezidentə təqdim edilmişdir.

    Xüsusilə vurğulamaq istərdim ki, Hökumət növbəti ildə də

    - iqtisadi fəallığın təmin edilməsini;

    - makroiqtisadi sabitliyin qorunmasını və milli valyutanın məzənnəsinin dayanıqlığının artırılmasını;

    - sosial müdafiə və pandemiya ilə mübarizə tədbirlərinin ardıcıl davam etdirilməsini;

    - işğaldan azad olunmuş ərazilərin bərpasını, yenidənqurmasını və ölkə iqtisadiyyatına reinteqrasiyasını;

    - ölkəmizin hərbi qüdrətinin daha da artırılmasını;

    - təhsil və səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsini;

    - ərzaq təhlükəsizliyinin təmin edilməsini;

    - iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasını əsas prioritet vəzifələr kimi müəyyən etmişdir.

    Ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan əsas vəzifələrdən biridir.

    Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, Ordumuzun müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər üçün maliyyə təminatının yaradılması Hökumət üçün əsas prioritet xərclər sırasındadır.

    Azərbaycanda infrastrukturun gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, kommunal, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük həcmli kompleks layihələr həyata keçirilir.

    Millət vəkillərinin əksəriyyəti təbii olaraq təmsil etdikləri regionlarda bu qəbildən olan məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edirlər.

    Bildirmək istərdim ki, bu məsələlər Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır, onların vaxtında həll edilməsi üçün Hökumət tərəfindən məqsədyönlü işlər görülür.

    Deputatların qaldırdığı məsələlərdən biri qazlaşdırma ilə bağlıdır. Qeyd etməliyəm ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər hansı region yoxdur.

    Halbuki bir müddət əvvəl qaz təchizatı olmayan rayon və şəhərlərin sayı kifayət qədər çox idi. Rayonlar üzrə hər hansı ayrı-seçkiliyə yol verilmədən ölkə ərazisində qazlaşdırmanın başa çatdırılması Hökumətin əsas hədəflərindən biridir.

    Onu da qeyd etmək istərdim ki, bəzi qonşu ölkələr, o cümlədən dünyanın ən böyük qaz ixracatçısı ancaq indi öz ərazilərinin qazlaşdırılması ilə bağlı proqram üzərində işləyirlər. Azərbaycanda isə qazlaşdırma səviyyəsi 96.3% təşkil edir.

    Ümumiyyətlə, ölkə üzrə 2,4 milyondan artıq abonent mövcuddur və onların 95.5% əhalidir. 2457 yaşayış məntəqəsi qazlaşdırılıb, o cümlədən 61 şəhər, 228 qəsəbə, 2168 kənd.

    44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra artıq ölkəmiz gələcəyə baxır və bölgəmizdə əməkdaşlıq haqqında düşünür. Bu baxımdan nəqliyyat layihələrinin həyata keçirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir.

    Regionda bütün kommunikasiyaların açılması tranzit ölkə olaraq Azərbaycanın iqtisadi maraqlarına xidmət edəcək və regionun nəqliyyat mərkəzi kimi ölkəmizin mövqeyini daha da möhkəmləndirəcək.

    Bu baxımdan qısa müddət ərzində istifadəyə verilmiş Füzuli Hava Limanı və tikilməkdə olan Zəngilan və Laçın hava limanları mühüm əhəmiyyətə malikdir.

    Dünya ölkələrinin əksəriyyətində dərin iqtisadi tənəzzülə yol açan COVID-19 pandemiyası hələ də davam edir, daha yüksək yoluxdurma sürətinə malik ştammlar yayılır.

    Növbəti ildə də pandemiyanın nəzarətdə saxlanılması, onun qarşısının alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi tərəfimizdən davam etdiriləcək, vaksinasiya prosesinin daha səmərəli və sürətlə aparılması, zəruri vaksin təminatının yaradılması məqsədilə tədbirlər həyata keçiriləcəkdir. Bu məqsədlə növbəti ilin dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmuşdur (350 mln. manat).

    Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılmışdır. İndiyədək isə COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilmişdir.

    Bildiyiniz kimi, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması möhtərəm Prezidentimizin Hökumət qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, 2022-ci ilin dövlət büdcəsinin 46%-i (cari xərclərin 69%-i) sosialyönümlüdür.

    Növbəti ildə də əhalinin sosial rifahının qorunmasına və sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi nəzərdə tutulmuşdur.

    Belə ki, ölkədə əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, habelə yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli maliyyə təminatı yaradılmışdır.

    Möhtəşəm zəfərimizin qazanılmasını təmin edən Vətən müharibəsi qəhrəmanlarının və müharibə əlillərinin, həmçinin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması Hökumətin gündəlik olaraq diqqət mərkəzindədir.

    Millət vəkilləri tərəfindən qaldırılan vacib məsələlərdən olan - dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılmasına nəzarət və büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunması üçün maliyyə intizamı daha da gücləndiriləcəkdir.

    İşğaldan azad olunmuş ərazilər üzrə yeni torpaqların əkin dövriyyəsinə cəlb olunması ilə bağlı tələb olunan xərclər də nəzərə alınmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün növbəti ilin dövlət büdcəsində böyük həcmdə vəsait nəzərdə tutulmuşdur.

    Millət vəkilləri haqlı olaraq qeyd edirlər ki, bəzi hallarda bir çox sahələrə verilən əhəmiyyətli güzəşt və subsidiyalara baxmayaraq lazımi nəticələr əldə olunmur.

    Qeyd etmək istəyirəm ki, subsidiyaların verilməsi mexanizminə nəzarət ciddi şəkildə gücləndiriləcəkdir.

    Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında müşahidə edilən qiymət artımları barədə əsaslı narahatlıq ifadə edilmişdir. Ötən dövrdə COVİD-19 pandemiyasının fəsadları və ölkələrdə davam edən karantin məhdudiyyətləri qlobal işgüzar aktivliyin azalmasına və istehsal həcminə mənfi təsir göstərmişdir.

    Bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması qlobal bahalaşmanı şərtləndirir. Qeyd etmək lazımdır ki, istər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər beynəlxalq maliyyə institutlarının məlumatına görə dünya üzrə qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatmışdır.

    Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə olunan bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınmasına, idxaldan asılılıq səviyyəsinin azaldılmasına və ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təşkil edilməsinə xüsusi diqqət yetiriləcək.

    Bununla belə, təbii olaraq qiymət artımı ilə əlaqədar Hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Mən, antiinflyasiya tədbirlərini gücləndirməklə, süni qiymət artımının qarşısının alınması ilə yanaşı, ortamüddətli perspektivdə ərzaq təhlükəsizliyinin təmin edilməsini, idxalın əvəzlənməsi sahəsində işlərin sürətləndirilməsini nəzərdə tuturam.

    Hörmətli millət vəkilləri,

    Biz Hökumət olaraq, büdcənin bu cür konstruktiv və səmərəli müzakirə edilməsində maraqlıyıq. Və davamlı şəkildə Hökumət ilə parlament arasında büdcə prosesində səmərəli əməkdaşlığın davam etdirilməsi üçün səylər göstərəcəyik.

    Büdcə müzakirələri çərçivəsində millət vəkillərinin qaldırdıqları bütün məsələlər heç şübhəsiz, Hökumət və aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq, qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.

    Əminəm ki, bu cür əməkdaşlıq və büdcə zərfinin müzakirəsinə belə bir yanaşma Möhtərəm Prezidentimiz tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsinə, ölkəmizin inkişafına, dövlətimizin tərəqqisinə və xalqımızın rifah halının yüksəldilməsinə öz dəyərli töhfəsini verəcəkdir.

    Çıxışımın sonunda bir daha aparılan işgüzar müzakirələrə, verilən dəyərli təklif və tövsiyələrə görə hörmətli xanım Sədr Sizə və bütün millət vəkillərinə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı naminə göstərdiyiniz qanunvericilik fəaliyyətində hər birinizə uğurlar arzulayıram.

    Diqqətinizə görə təşəkkür edirəm.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018