AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Tədbirlər | 06 Sentyabr 2019 - 08:51   
    Baş Nazir Novruz Məmmədov Özbəkistan Respublikasının milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib


    Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə sentyabrın 5-də rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda Azərbaycan tərəfindən əsas qonaq olaraq Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iştirak edib.

    Baş Nazir Novruz Məmmədovun çıxışı

    Hörmətli cənab Səfir!
    Xanımlar və cənablar!

    Özbəkistan Respublikasının Milli bayramı - Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş Özbəkistan xalqını səmimi qəlbdən təbrik edir, daim əmin-amanlıq, yeni-yeni nailiyyətlər arzulayıram.
    Ölkələrimizi ortaq soykök, möhkəm tarixi dostluq və qardaşlıq əlaqələri bağlayır. Bu əlaqələr əməkdaşlığımızın daha da genişlənməsinə və inkişaf etdirilməsinə güclü zəmin yaradır.
    Müstəqillik qazandıqdan sonra münasibətlərimiz daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.
    Əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarımızın münasibətlərinin xüsusi rolu vardır. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev arasında yaranmış dostluq münasibətləri bundan sonra da ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.
    Ölkələrimiz həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Xüsusilə vurğulamaq istərdim ki, biz Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi ədalətli dəstəyi yüksək qiymətləndiririk.
    İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycanla Özbəkistan arasında Birgə Hökumətlərarası Komissiyanın da mühüm rolu vardır.
    Azərbaycanı əlverişli regional tranzit mərkəzinə çevirən irimiqyaslı infrastruktur layihələrindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan Özbəkistanın da gələcəkdə faydalanması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəkdir.
    Azərbaycan və Özbəkistan xalqlarının tarixi və mədəni bağlılıqları əsrlərə söykənir. Azərbaycanın dahi şairi Nizami Gəncəvidən ilhamlanaraq daha bir “Xəmsə” yaradan Əlişir Nəvainin irsi bizim xalqın da dəyər verdiyi mənəviyyat və əxlaq xəzinəsidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır. Bakının mərkəzində abidəsi olan bu böyük mütəfəkkirin xatirəsinə ehtiram əsrlər boyu bir-biri ilə sülh, həmrəylik şəraitində yaşamış özbək və Azərbaycan xalqları arasında münasibətlərin ruhunu əks etdirir.
    Bütün sadalananlar bir daha onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı ənənəvi qardaşlıq və dostluq münasibətləri sağlam təməllər üzərində daim inkişaf etdiriləcəkdir.

    Hörmətli cənab Səfir!
    Sonda bir daha Özbəkistan Respublikasının Milli bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından Sizi təbrik edir, dost və qardaş Özbəkistan xalqına daim inkişaf arzu edirəm.

     

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018