AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 27 Aprel 2021 - 16:48   
    “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1316 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə


    “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1316 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

    1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1316 nömrəli Fərmanına (bundan sonra ― Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    2. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
    3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
    4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
    5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
    6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Əli Əsədov

    Bakı şəhəri, 27 aprel 2021-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018