“Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra - Agentlik) yaradılması, habelə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
3.1. Agentlik dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Fərmanın 1-ci hissəsində göstərilən qurumların balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edib, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
3.2. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görüb, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin Fərmanın 1-ci hissəsində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görüb, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
6. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
8. Bu Sərəncamın 1-ci, 5-ci, 6-cı və 7-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə və 3-cü, 4-cü hissələrinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Əli Əsədov
Bakı şəhəri, 19 oktyabr 2021-ci il