“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
2.1 Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yaradılması, habelə rəqəmsallaşma, innovasiyalar, yüksək texnologiyalar və rabitə sahələrinin inkişafı ilə əlaqədar normativ hüquqi aktların layihələrini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. sabit genişzolaqlı şəbəkədən istifadə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakının Azərbaycan Respublikasının regionları üzrə genişləndirilməsi və istehlakçıların genişzolaqlı internetlə təmin olunması istiqamətində zəruri tədbirlər görüb, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
3.1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin Fərmanın 5.3-cü bəndində nəzərdə tutulan Nümunəvi Əsasnaməyə uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
4.1. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Fərmanın 2.2-ci bəndində göstərilən qurumların balansında olan əmlakın Agentliyin balansına verilməsi üçün tədbirlər görüb, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
4.2. Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görüb, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
5.1. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
5.2. dövlət qeydiyyatına alındığı gündən Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin maddi-texniki təminat məsələləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görüb, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
8. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Bu Sərəncamın 1-ci, 7-ci, 8-ci, 9-cu hissələrinin və 2.1-ci bəndinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2.2-ci, 2.3-cü bəndlərinin, 3-cü hissəsinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə və 4-cü, 5-ci, 6-cı hissələrinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
11. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Əli Əsədov
Bakı şəhəri, 19 oktyabr 2021-ci il