AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 28 Noyabr 2022 - 14:13   
    “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında


    “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə:

    1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, İcbari Sığorta Bürosu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    2. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
    3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
    4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
    5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
    6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Əli Əsədov

    Azərbaycan Respublikasının Baş naziri

    Bakı şəhəri, 28 noyabr 2022-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018