“Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli 2039 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40,0 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə 1 (bir) ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun vəsatət qaldırılmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə rəylərini 10 (on) gün müddətində Hacıqabul Rayon İcra Hakimiyyətinə təqdim etsinlər.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Hacıqabul Rayon İcra Hakimiyyəti ilə razılaşdırmaqla, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş torpaq sahəsinin yerquruluşu planını 20 (iyirmi) gün müddətində hazırlayaraq təsdiq etsin.
4. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov
Bakı şəhəri, 21 may 2020-ci il