“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
1.1. “Doğum haqqında elektron şəhadətnamə”nin və “Ölüm haqqında elektron şəhadətnamə”nin forması ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısı ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
5. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov
Bakı şəhəri, 8 oktyabr 2020-ci il