“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsi məqsədilə qeyd olunan istiqamətlər üzrə təkliflərinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamına əsasən yaradılmış Komissiya ilə razılaşdırılmasını təmin etsinlər.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Sərəncamın 2-ci hissəsinə uyğun olaraq razılaşdırılmış təkliflərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin şəhərsalma planlaşdırması zamanı nəzərə alınmasını təmin etsin.
4. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
5. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Bu Sərəncamın 1-ci, 4-cü, 5-ci və 6-cı hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci və 3-cü hissələrinin icrası Regionların inkişafı şöbəsinə həvalə edilsin.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Əli Əsədov
Bakı şəhəri, 29 aprel 2021-ci il