Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Serbiya Respublikasının mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının önəminə toxunublar.
Görüşdə həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.