Nazirlər Kabinetinin 158 №-li Qərarına dair izah
1. Sığortaolunan bir neçə yerdə muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə etdiyi halda, xəstəlik vərəqəsi üzrə işçiyə müavinət hesablanarkən, onun hər bir iş yeri üzrə aylıq vəzifə maaşının 2 mislindən artıq olmamaq şərtilə məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancı nəzərə alınır və Əsasnamənin 62-ci hissəsində nəzərdə tutulmuş miqdarda ödənilir.
2. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə növbəti hesabat təqdim olunanadək (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən hesabat təqdim edilməli dövr istisna olmaqla) sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirərsə, o halda sığortaedən onun son hesabatdan sonrakı dövr üçün gəliri barədə, Əsasnamə ilə təsdiq edilmiş arayış formasını tərtib edib DSMF-yə göndərəcək və həmin arayış əsasında əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəl son 12 aydakı məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancı müavinətin hesablanmasında nəzərə alınacaqdır.
3. Əsasnaməyə dəyişiklik edilmiş və müavinətin hesablanması zamanı qazancın nəzərə alınması qaydası sadələşdirilmişdir. Belə ki, dəyişiklikdən əvvəl müavinətin məbləği hesablanarkən əməkhaqqı, əməkhaqqına əlavə və mükafatlar ayrı-ayrı dövrlər üzrə nəzərə alınırdı. Dəyişikliyə əsasən müavinət hesablanarkən daha sadə formada, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan əvvəlki son 12 aydakı məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancı nəzərə alınacaqdır.
4. Sığortaolunan muzdlu işə aid olan əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən (sahibkarlıq fəaliyyətindən) gəlir əldə edərsə, müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə bu Əsasnamənin 28-ci hissəsi nəzərə alınmaqla onun sahibkarlıq fəaliyyəti ilə bağlı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancı da nəzərə alınmaqla hesablanacaqdır.