Nazirlər Kabinetinin 91 №-li Qərarına dair izah
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində tikintisi 2021-ci ilin fevral ayında başlamış və 2024-cü ilin oktyabr ayında başa çatmış ümumi uzunluğu 81,7 kilometr olan I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 1 aprel tarixli 91 nömrəli Qərarı ilə 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilmişdir.
Bu yola alternativ kimi, tikintisi 2021-ci ilin yanvar ayında başlamış və həmin ilin oktyabr ayında başa çatmış, ümumi uzunluğu 101 kilometr olan II texniki dərəcəli, 2 hərəkət zolaqlı (ödənişsiz) Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu - (Zəfər yolu) müəyyən edilmişdir.
I texniki dərəcəli 4-6 hərəkət zolaqlı (ödənişli) və II texniki dərəcəli 2 hərəkət zolaqlı (ödənişsiz) hər iki avtomobil yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir və bir neçə yerdə müxtəlif səviyyəli qovşaqlar vasitəsilə kəsişərək sonunda Şuşa şəhəri yaxınlığında birləşir.
Hər iki avtomobil yolu müasir tələblərə uyğun inşa edilmişdir.