Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 23-də Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu.
Təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edildi.
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyəti qeyd edildi, layihədə iştirak edən universitetlərin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulandı.
Qəbul nəticələrinə əsasən, 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə ümumilikdə 90-a yaxın tələbə təhsil alacaq.
Görüşdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları və Azərbaycan Texniki Universitetinin rektoru görüşdə iştirak ediblər.