AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 25 Avqust 2020 - 20:37   
    Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilmişdir


    2020-ci il 25 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilmişdir.

    İclasda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2020-ci ilin ilk yarısında görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

    Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov cari ilin ilk yarısında qeyri-formal məşğulluq sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Komissiyanın sədri son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd etmişdir. Görülən məqsədyönlü tədbirlərin vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına səbəb olduğu vurğulanmışdır.

    İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyevin “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində hazırlanmış və razılaşdırılması başa çatdırılmamış qanunvericilik layihələri barədə məruzəsi  dinlənilmişdir.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Komissiyanın tapşırığına uyğun olaraq tikinti sahəsində qeyri-formal məşğulluq hallarının azaldılması ilə bağlı aidiyyəti qurumlarla birgə hazırlanan təkliflərlə əlaqədar çıxış etmişdir.

    Müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov,  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehtiyev çıxış edərək müzakirə olunan məsələlərə dair münasibət bildirmişlər.

    Eyni zamanda, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Dövlət Başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul edilmişdir.

    İclasın sonunda Komissiyanın sədri Əli Əhmədov  qarşıda duran vəzifələrlə bağlı, o cümlədən ölkədə qeyri-formal məşğulluğun qarşısının alınmasına, bu istiqamətdə qanunvericilik aktlarının təkmilləşdirilməsinə, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına və iqtisadi fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlərin  daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlarını vermişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018