AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 21 Iyun 2021 - 16:42   
    “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarına dair İzah


    “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan dilinin orfoepiya normalarını təsdiq edən orqan kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilmişdir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 495s nömrəli Sərəncamının 1-ci hissəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasına “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsinin  hazırlanması tapşırılmışdır. Azərbaycan Milli Elmlər Akade­mi­yasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yara­dılmış İşçi Qrupu tərəfindən “Azərbaycan dilinin orfoepiya nor­maları”nın layihəsi işlənilib hazırlanmış, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmin layihə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının sədri ilə razılaşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinnin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarı ilə qəbul edilmişdir.

    Orfoepiya düzgün tələffüz normaları sistemidir. Bu normalar müasir Azərbaycan ədəbi dilində işlənən müəyyən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarının tətbiqi məqsədilə hazırlanmışdır.

    Qeyd edək ki, orfoepiya normalarının tərtibində sözlərin və şəkilçilərin yalnız müasir Azərbaycan ədəbi dilindəki mövcud tələffüz qaydaları əsas götürülmüşdür. Müasir Azərbaycan ədəbi dilinin tələffüz qaydaları Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Əziz Əfəndizadə kimi bu sahə üzrə görkəmli dilçi alimlərin tədqiqatlarına uyğun şəkildə hazırlanmışdır. Bundan əlavə orfoepiya normalarının layihəsinin ilkin variantına akademik Nizami Cəfərov, Dövlət Dil Komissiyasının üzvü professor Buludxan Xəlilov, Nəsir Əhmədli və digər mütəxəssislər tərəfindən kiçik qeydlərlə müsbət rəylər verilmiş və iradlar nəzərə alınmışdır. Ümumiyyətlə, orfoepiya normaları layihə şəklində rəy üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Terminologiya Komissiyasına, Mətbuat Şurasına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş və müəyyən iradlarla müsbət rəylər alınmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018