AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 12 Noyabr 2021 - 17:52   
    Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 343 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5680/

     

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının hazırlanmasının məqsədi gömrük sərhəd buraxılış məntəqələrində qanunvericiliyin tələblərinə ciddi riayət olunaraq daha səmərəli və sürətli keçidin təmin edilməsidir.  Fiziki şəxslər tərəfindən müxtəlif malların gömrük sərhədindən keçirilməsi, o cümlədən turist axınının çoxalması müasir dövrün tələblərinə uyğun olaraq fiziki şəxslər üzərində səmərəli gömrük nəzarətinin həyata keçirilməsi və onlar tərəfindən təqdim olunan sadələşdirilmiş bəyannamənin daha dolğun və anlaşılan olması zərurətini yaratmışdır.

    Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”na əsasən rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə gömrük sərhədindən keçirə bilərlər.

    Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı ilə bu Qaydaların 1 nömrəli əlavəsi - “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nda da dəyişiklik edilmişdir.

    Göstərilənləri nəzərə alaraq “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10 nömrəli əlavəsinin yeni formada tərtib olunmasına zərurət yaranmışdır.

    Qərarın qəbulu gömrük sərhəd buraxılış məntəqələrində fiziki şəxslər üzərində gömrük nəzarətinin dəqiq aparılması ilə yanaşı, gömrük sərhəd buraxılış məntəqələrində  daha səmərəli və effektiv gömrük işinin təşkilinə müsbət təsirini göstərəcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018