AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Görüşlər | 17 Iyun 2022 - 16:30   
    Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

    Görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Qətərin tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.

    Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulandı. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edildi.

    Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın məqsədlərinin təşviq olunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər diqqətə çatdırıldı.

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan Baş nazir 30 il işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad olunun əzəli Azərbaycan torpaqlarında hərbi cinayətlərin, urbisid, kultursid və ekosidin törədildiyini bildirdi. Vurğulandı ki, həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib, dini abidələrimiz, məscidlərimiz dağıdılıb, yandırılıb və təhqir olunub.

    Görüşdə, həmçinin Azərbaycan ilə Qətər arasında elm, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edildi, müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olundu.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018