AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 09 Dekabr 2022 - 15:30   
    Baş nazir Əli Əsədov Milli Məclisdə çıxış edib


    Hörmətli xanım sədr! Hörmətli deputatlar!

    Hər birinizi salamlayıram.

    Çıxışıma başlamazdan əvvəl “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə səmərəli və aktiv müzakirəsinə, qaldırılan vacib məsələlərə, suallara, dəyərli təklif və tövsiyələrə görə millət vəkillərinə təşəkkürümü bildirmək istərdim.

    Eyni zamanda büdcə müzakirələrinin səmərəli təşkilinə görə Milli Məclisin rəhbərliyinə, hörmətli Sahibə xanım şəxsən Sizə öz adımdan və Hökumət üzvləri adından minnətdarlığımı çatdırıram. 

    İstər plenar, istərsə də komitə iclaslarında millət vəkillərinin verdiyi suallar Hökumətin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri tərəfindən cavablandırılmışdır.

    Mən də qaldırılan bir sıra məsələlərə öz münasibətimi bildirmək istərdim.

    Hörmətli millət vəkilləri!

    Hamımız böyük fəxr və qürur hissi keçiririk ki, iki il bundan əvvəl əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

    44 günlük Vətən müharibəsində qazanılan şanlı tarixi Qələbədən sonra möhtərəm Prezidentimiz qlobal iqtisadi prosesləri, o cümlədən postpandemiya və postmünaqişə dövrünün çağırışlarını nəzərə alaraq, 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” təsdiq etdi.

    Milli Prioritetlər yeni strateji mərhələdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın və cəmiyyətimizin inkişaf çağırışlarını və hədəflərini nəzərə alır.  

    Bir-biri ilə qarşılıqlı əlaqədə olan və əsas istiqamətləri əhatə edən bu Milli Prioritetlər qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı və yüksək artımını təmin edir.

    Hər biri eyni dərəcədə vacib olan bu prioritetlər cəmiyyət, dövlət və iqtisadiyyatın müasir meyarlar əsasında təşkili və fəaliyyət göstərməsi üçün şərait yaradacaq.

    Milli Prioritetlərin icrası iki dövrə bölünüb. Birinci dövr 2022-2026-cı illəri əhatə edir ki, artıq bununla bağlı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” cənab Prezidentin Sərəncamı ilə 2022-ci il 22 iyul tarixində təsdiq edilmişdir.  

    Hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilməsinə zəmin yaratmaq və bunu təmin etməkdir.

    Qeyd etdiyim kimi, beş Milli Prioritetin hər biri eyni dərəcədə vacibdir.

    Lakin 4-cü Milli Prioritet kimi müəyyən edilən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim üçün çox böyük rəmzi məna daşıyır və mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir.

    Artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” cənab Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

    Bununla əlaqədar bir neçə rəqəmi qeyd etmək istərdim.

    İlkin hesablamalara görə, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 mlrd. manat vəsait tələb olunur ki, bunun 19,2 mlrd. manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcəkdir.

    2023-cü ilin dövlət büdcəsinə gəldikdə isə, İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 mlrd. manat vəsait nəzərdə tutulub ki, onun da 3 mlrd. manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərdir (2022-ci ilə nisbətən 12,4 faiz çox).

    Son iki ildə isə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilmişdir. 

    2023-cü il dövlət büdcəsinin fəlsəfəsi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı əhatə edir.

    Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin parametrləri ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq tərtib edilmişdir.

    Strategiyaya əsasən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddi 2023-cü ilin sonuna 25 faiz nəzərdə tutulmuşdur. Ortamüddətli dövrün sonuna hədəf isə 17,5 faizdir.

    Ümumi dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi isə ortamüddətli dövr üzrə 20% müəyyən edilmişdir. Qeyd edim ki, hazırda birbaşa xarici dövlət borcunun ÜDM-ə nisbəti 10% təşkil edir.

    Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası istiqamətində mühüm işlər görülmüşdür.

    Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, işğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. 

    Bütün bunlar Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

    Dövlətimizin, o cümlədən Hökumətin birbaşa qarşısında duran əsas məsələlərdən biri, ən vacibi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi və onun daim lazım olan səviyyədə saxlanılmasıdır. 

    Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır.

    Bu istiqamətdə gələn ilin büdcə xəclərinin 16 faizi həcmində vəsait nəzərdə tutulmuşdur (5,3 mlrd. manat).

    Hörmətli millət vəkillərinin əksəriyyəti təbii olaraq təmsil etdikləri regionlarda məşğulluq, infrastruktur, kommunal, enerji, su, qazlaşma və digər sosial xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yolların təmiri və bu qəbildən olan digər məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edirlər. 

    Bildirmək istərdim ki, bu məsələlərin çoxunun, daha doğrusu əksəriyyətinin Strategiya, habelə investisiya proqramları çərçivəsində vaxtında həll edilməsi üçün Hökumət tərəfindən gündəlik və ardıcıl işlər görülür və görüləcəkdir.   

    Hər bir ölkədə dövlət büdcəsi cəmiyyətin əsas (baza) ehtiyaclarının qarşılanmasını özündə ehtiva edir və hər bir zaman kəsimində məhdud olan resursların optimal şəkildə bölüşdürülməsi və səmərəli xərclənməsi dövlət idarəetməsinin başlıca vəzifəsidir.

    Odur ki, dövlət büdcəsi illik maliyyə planı olmaqla yanaşı, həm də iqtisadiyyatın güzgüsü hesab edilir.

    2023-cü ilin dövlət büdcəsi hazırkı dövrün reallıqlarını, problem və çətinliklərini, eyni zamanda ən aktual çağırışlarını əks etdirir.

    Təbii ki, ölkəmizdə əsas cari tələbatların ödənilməsi və gələcək inkişaf üçün zəmin yaradılması, hörmətli millət vəkilləri tərəfindən qaldırılan sosial-iqtisadi, infrastruktur və digər məsələlərin həlli üçün büdcədə ehtiyaclar və imkanlar arasında düzgün balans təmin edilməlidir.

    Eyni zamanda, dövlət büdcəsini tərtib və qəbul edərkən biz ölkənin makroiqtisadi və maliyyə sabitliyi, eləcə də strateji valyuta ehtiyatlarının qorunması kimi məsələləri diqqət mərkəzində saxlamalıyıq.

    Beynəlxalq vəziyyətin mürəkkəbləşməsi, qlobal iqtisadi perspektivlər üzrə mövcud olan qeyri-müəyyənliklər, habelə enerji resursları qiymətlərinin volatilliyi  və maliyyə böhranlarının başvermə tezliyinin artması hazırkı mərhələdə ölkəmizdə makroiqtisadi sabitliyə və büdcə tarazlığına mənfi təsir edən əsas amillər kimi çıxış edir.

    Məhz bu baxımdan xarici şokların təsirinin minimuma endirilməsı və ölkənin inkişafının ahəngdarlığının təmin edilməsi məqsədi ilə büdcə qaydasına uyğun olaraq yeni makro-fiskal çərçivə formalaşdırılmış və dövlət büdcəsinin əsas göstəricilərinin müəyyən olunması zamanı nəzərə alınmışdır.

    Hörmətli millət vəkilləri,

    Növbəti ilin dövlət büdcəsində əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

    Təsadüfi deyil ki, 2023-cü ilin dövlət büdcəsinin cari xərclərinin 67 faizi məhz sosialyönlü xərclərdir (15,2 mlrd. manat).

    Bütün bunlar cənab Prezidentin qiymət artımı məsələlərinə olduqca həssaslıqla yanaşdığını və aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim xüsusi diqqətində olduğunu göstərir.  

    Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında müşahidə edilən qiymət artımları, o cümlədən dərman vasitələrinin qiymətlərində artımın olması barədə narahatlıq ifadə edilmişdir.

    Sizlərə də bəlli olduğu kimi, son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat  zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olmuşdur.

    Yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur. Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq.   

    Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22% təşkil etmiş və ölkəmizdə orta illik inflyasiya 13.8% olmuşdur ki, bunun da 60%-i ərzağın payına düşür.

    Məlum olduğu kimi, Azərbaycan dərman vasitələri üzrə daxili tələbatının 95 faizdən çoxunu idxal edir ki, onun da yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Rusiya və Ukrayna kimi ölkələrin payına düşür.

    Və sadaladığım səbəblər dərman qiymətlərinə və təminatına da mənfi təsir edir.

    Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən müvafiq qaydalara uyğun həyata keçirilir.

    Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların ümumi sayının 13 493 adda olduğu halda, Şura tərəfindən son qiymət artımı ancaq 277 adda dərman vasitəsinə (cəmi 2%-nə) tətbiq olunmuşdur.

    Bunlardan 126 adda dərman vasitəsi (yəni 45%) Rusiya, Ukrayna və Belarus istehsalı olan dərmanlardır. Və bu ölkələrdən idxal olunan dərman vasitələrinin Azərbaycanda satış qiymətlərinin artması qaçılmaz idi.

    Son zamanlar Azərbaycanda bir neçə adda dərman vasitələrinin çatışmazlığı və təchizatı problemi ilə əlaqədar məsələ qaldırılmışdır. Bununla bağlı vəziyyət Hökumət tərəfindən nəzarətə götürülmüşdür. Hazırda həyati vacib dərmanların təminatında hər hansı bir ciddi çətinlik müşahidə olunmur.

    Qeyd etmək istəyirəm ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini ölkəyə gətirə  bilər.

    Məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan “şəxsi istifadə üçün zəruri olan miqdar”ın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıq verilmişdir.

    Fürsətdən istifadə edərək Milli Məclisin Səhiyyə Komitəsinin üzvlərini müzakirələrdə iştirak etməyə və öz dəyərli təkliflərini verməyə dəvət edirəm.

    Hörmətli deputatlar,

    Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırır.  

    Prezidentin Hökumətə verdiyi tapşırıqlardan irəli gələrək Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlər görülmüşdür. 

    Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilmişdir.

    Azərbaycanda kənd təsərrüfatının inkişafı Hökumətimiz üçün əsas prioritetlərdən biridir.

    Növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur (625,2 mln. manat). Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat).  

    Ümumiyyətlə dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem olmayıb və yoxdur.

    Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq edilmiş, 90 günlük mal ehtiyatları yaradılmışdır. Başlıca məqsədimiz əhalimizi əsas ərzaq məhsulları ilə təmin etməkdir.

    Bir daha qeyd etmək istəyirəm ki, qiymət artımı ilə əlaqədar Hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür və görüləcəkdir.

    Eyni zamanda millət vəkilləri və Hesablama Palatası tərəfindən nəticəəsaslı büdcə mexanizminə keçidin sürətləndirilməsi, büdcə planlaması, nəzarət, şəffaflıq, subsidiya mexanizmi və maliyyə dayanıqlığı ilə bağlı təkliflər və qeydlər edilmişdir.

    Hökumət tərəfindən Strategiya çərçivəsində fiskal sahədə islahatların davam etdirilməsi, fiskal dayanıqlıq və tənzimləmənin, maliyyə intizamının təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur.

    Satınalma prosedurlarının təkmilləşdirilməsi, layihə-smeta sənədlərinin hazırlanması və layihələrin icrasının sürətləndirilməsi istiqamətində də ciddi tədbirlər görüləcəkdir.  

    Habelə səmərəsiz vergi və gömrük güzəşt və azadolmadan itirilən gəlirlərin bərpası üçün qiymətləndirmələr aparılaraq bu məsələlərə yenidən baxılması diqqətdə saxlanılacaqdır. İri dövlət şirkətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi və büdcədən asılılığın azaldılması sahəsində islahatlar davam etdiriləcəkdir.

    Strategiya çərçivəsində təhsil sahəsində islahatların aparılması, eləcə də ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

    Ortamüddətli dövrdə fəaliyyət planı üzrə məktəblərdə tikinti-quraşdırma işlərinin mərhələli şəkildə aparılması üçün büdcə tələbatı (2.8 mlrd.manat) müəyyən edilmişdir.

    Bir məsələni də xüsusi qeyd etmək istəyirəm.

    Ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsinə və onların təyinatı üzrə istifadə edilməsinə nəzarət gücləndirilmişdir. 

    Bununla bağlı bir neçə rəqəmi diqqətinizə çatdırmaq istəyirəm.

    Azərbaycan Respublikasının vahid torpaq fondu 8,6 mln hektar təşkil edir ki, bundan kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 4,8 mln hektardır (55,2%).   

    Son vaxtlar qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələrinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı çox sayda müraciətlər olunur.

    Lakin kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edilməsi arzuolunmazdır və xüsusi nəzarətdə saxlanılacaqdır.

    Hörmətli millət vəkilləri,

    Biz Hökumət olaraq, büdcə zərfinin bu cür konstruktiv və səmərəli müzakirə edilməsində maraqlıyıq.

    Və büdcə müzakirələri çərçivəsində deputatların qaldırdıqları bütün məsələlər heç şübhəsiz, Hökumət və aidiyyəti qurumlar tərəfindən diqqətə alınacaq, qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir. 

    Çıxışımın sonunda bir daha aparılan işgüzar müzakirələrə, verilən dəyərli təklif və tövsiyələrə görə hörmətli xanım Sədr Sizə və bütün deputatlara minnətdarlığımı bildirirəm.

    Möhtərəm Prezidentimiz tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi, ölkəmizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsi naminə göstərdiyiniz qanunvericilik fəaliyyətində hər birinizə uğurlar arzulayıram.

    Diqqətinizə görə təşəkkür edirəm!


     

     







    © Nazirlər Kabineti 2008 - 2018