AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 13 Yanvar 2023 - 17:54   
    Fövqəladə hallarda uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası təsdiq edilib


    Nazirlər Kabinetinin 8 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/6640/

    Nazirlər Kabinetinin 8 №-li Qərarı ilə qəbul edilən qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışının təmin edilməsi sahəsində dövlət orqanları və qurumları tərəfindən həyata keçirilən tədbirləri müəyyən edir.

    Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışı üzrə aidiyyəti qurumlararası əlaqələndirməni Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya həyata keçirir.

    Uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi məqsədilə Komissiya xüsusi vəziyyətin elan edildiyi vaxtdan 24 saat ərzində aidiyyəti dövlət orqanlarının və qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar yaratmalı və onların fəaliyyətini təşkil etməlidir.

    Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışının təmini üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti dövlət orqanları və qurumları üçün nəzərdə tutulmuş büdcə təxsisatları çərçivəsində dövlət vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018