AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 27 Yanvar 2020 - 14:11   
    Azərbaycan vətəndaşlarının zəlzələ zonasından təxliyyəsi haqda Prezident İlham Əliyevin tapşırığı icra olundu


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədəki zəlzələ zonasında təhsil alan və yaşayan Azərbaycan vətəndaşlarının Bakıya təxliyyəsi yanvarın 26-da saat 17.30-da başa çatıb.

    Bir sutkadan artıq davam edən təxliyyə prosesi zamanı müxtəlif rayonlarda olan yüzdən artıq vətəndaş Elazığ şəhərində bir məntəqəyə toplanıb və avtobuslarla Türkiyənin İğdır şəhərinə yola salınıb. İğdırda vətəndaşlar nahar etdikdən sonra Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər.

    25-dən 26-na keçən gecə ərzində avtobusların hərəkət marşrutu, təxliyyə olunanların səhhəti, qidalanması və s. məsələlərlə əlaqədar məlumatlar dövlət rəhbərliyinin diqqətində olub.

    Naxçıvan Hava limanında nahar və istirahət etdikdən sonra 102 nəfər Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin tapşırığına əsasən Naxçıvana göndərilmiş xüsusi təyyarə ilə Bakıya, Heydər Əliyev Hava limanından isə onlar üçün ayrılmış 3 avtobusla avtovoğzal da daxil olmaqla şəhərin bir neçə mərkəzi nöqtələrinə çatdırılıblar.

    Təxliyyə olunmuş tələbələr və onları qarşılamağa gəlmiş valideynləri Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018