“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb on bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələləri ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.
4. Bu Sərəncamın 1-ci hissəsinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika məsələləri şöbəsinə və 2-ci hissəsinin icrasına nəzarət Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Novruz Məmmədov
Bakı şəhəri, 7 iyun 2019-cu il