AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 29 Aprel 2022 - 16:35   
    “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə


    “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

    1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
    2.1. Azərbaycan Respublikası Kino Agentliyinin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    2.2. Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    3. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
    4. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
    5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
    6. Sərəncamın 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2.1-ci bəndinin icrası Humanitar məsələlər şöbəsinə və 2.2-ci bəndinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
    7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Əli Əsədov

    Azərbaycan Respublikasının Baş naziri

    Bakı şəhəri, 29 aprel 2022-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018