25 İyul 2022 - 15:15

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində:
2.1. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tədbirlərin icrası nəticələrinin təhlili ilə bağlı hesabatı hər il yanvarın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyən edilməsi ilə bağlı təkliflərini cari il üzrə iyulun 28-dək, növbəti illər üçün isə hər il iyunun 10-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
6. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
8. Bu Sərəncamın 1-ci, 5-ci, 6-cı və 7-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci, 3-cü və 4-cü hissələrinin icrası Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyul 2022-ci il