“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamına uyğun olaraq:
1. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 453s nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci və 3-cü hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissəyə “ildə iki dəfə” sözlərindən sonra “, hər ilin yanvar və iyul aylarının 15-dən gec olmayaraq” sözləri əlavə edilsin;
1.3. 3.1-ci bəndə “ildə iki dəfə” sözlərindən sonra “, hər ilin yanvar və iyul aylarının 25-dən gec olmayaraq” sözləri əlavə edilsin;
1.4. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 3.3-cü və 3.4-cü bəndlər əlavə edilsin:
“3.2. Strategiyanın icrasının təşkili, monitorinqi və qiymətləndirilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.3. Strategiyanın Tədbirlər Planının icrası ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə zəruri kommunikasiya işlərinin yerinə yetirilməsi üzrə tədbirlər görsün;
3.4. zərurət yarandıqda, Strategiyanın icrası prosesinə qabaqcıl beynəlxalq təşkilatların, ixtisaslaşmış məsləhətçi şirkətlərin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrini cəlb etsin.”;
1.5. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.”.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 avgust 2022-ci il