“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması ilə bağlı təkliflərini 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş torpaqların dövlət ehtiyacları üçün alınması yekunlaşdıqdan sonra həmin torpaqların Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi ilə əlaqədar zəruri normativ hüquqi aktların layihələrini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, öz hüquq və vəzifələrinin həyata keçirilməsi üçün maliyyələşmə məsələlərinin həlli ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə, 2-ci hissəsinin icrası Hüquq və qanunvericilik şöbəsinə və 3-cü hissəsinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov
Bakı şəhəri, 19 iyun 2020-ci il