“Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2077 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2077 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 aprel 2023-cü il