“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 784-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2010 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Auditorlar Palatası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 784-VIQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 fevral 2023-cü il