“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 mart tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi:
1.1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyləri ilə birlikdə, ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişdən daxil olan vəsaitin bölgüsünə dair təkliflərini hər il fevralın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin bu məqsədlə açılmış bank hesabında yığılan vəsaiti barədə məlumatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.3. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanunundan (bundan sonra – Qanun) irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın 1-ci hissəsinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə, 2-4-cü hissələrinin icrası Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 aprel 2024-cü il