“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 may tarixli 68 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 may tarixli 68 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 may 2024-cü il