Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, təbiət komplekslərinin, onların komponentlərinin qorunması və bərpası, habelə ekoloji tarazlığın saxlanması məqsədilə:
1. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının (bundan sonra - Yasaqlıq) fəaliyyəti bərpa edilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
2.1. Yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etsin;
2.2. Yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. Yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görsün;
2.4. Yasaqlıq ərazisində yerləşən təbiət komplekslərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 iyun 2024-cü il