“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan İnvestisiya Holdinqi, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydasının layihəsini;
2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 3.5-ci maddəsinə uyğun olaraq, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydasının layihəsini;
2.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
2.3.1. Qanunun 9.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksinin layihəsini;
2.3.2. Qanunun 14.2.8-ci maddəsinə uyğun olaraq, satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması qaydalarının layihəsini;
2.3.3. Qanunun 18.9-cu maddəsinin birinci cümləsinə və 18.10-cu maddəsinə uyğun olaraq, satınalma planının formasının, habelə satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təsnifat kodlarının və onlardan istifadə qaydasının layihəsini;
2.3.4. Qanunun 19.4-cü maddəsinə uyğun olaraq, ehtimal olunan qiymətin hesablanması qaydasının layihəsini;
2.3.5. Qanunun 24.8-ci maddəsinə uyğun olaraq, uyğunluğa dair sənədlər toplusunun və uyğunluq göstəricilərinin qiymətləndirilməsi haqqında qərarın forması ilə bağlı təkliflərini;
2.3.6. Qanunun 25.5-ci maddəsinə uyğun olaraq, şərtlər toplusunun nümunəvi forması ilə bağlı təkliflərini;
2.3.7. Qanunun 28.6-cı maddəsinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğlərinin, onların ödənilməsi, geri qaytarılması və Qanunun 28.4-cü maddəsinə uyğun olaraq, ödənilmiş vəsaitlərin bölgüsünün və onlardan istifadə qaydalarının layihəsini;
2.3.8. Qanunun 33.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların Qanunun 23.4.1-ci və 23.4.2-ci maddələrində qeyd olunan tələblərə uyğunluğunun qiymətləndirilməsi meyarlarının layihəsini;
2.3.9. Qanunun 33.14-cü maddəsinə uyğun olaraq, satınalma güzəştinin tətbiqi qaydasının layihəsini;
2.3.10. Qanunun 34.10-cu maddəsinə uyğun olaraq, satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun forması ilə bağlı təklifini;
2.3.11. Qanunun 38.15-ci maddəsinə uyğun olaraq, satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi forması ilə bağlı təklifini;
2.3.12. Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydasının layihəsini;
2.3.13. Qanunun 52.2-ci maddəsinə uyğun olaraq, çərçivə sazişinin, təklif sorğusunun və Qanunun 51.6-cı maddəsində qeyd olunan satınalma müqaviləsinin nümunəvi forması ilə bağlı təklifini;
2.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla,
2.4.1. Qanunun 15.5-ci maddəsinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı haqqında əsasnamənin və elektron satınalmanın keçirilməsi qaydalarının layihələrini;
2.4.2. bu Sərəncamın 3-cü hissəsinə uyğun olaraq, müvafiq informasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədlərinə dair təklifini.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə dövlət satınalmalarının vahid internet portalının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini üç ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
4. Qanunun 3.10-cu maddəsinə uyğun olaraq, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olmayan digər kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) Qanunun 3.2.8-ci maddəsi ilə müəyyən edilmiş digər maliyyə vəsaiti hesabına malların, işlərin və xidmətlərin satınalınması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsinlər.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 3.11-ci maddəsinə uyğun olaraq, Qanunun 3.2.9-cu maddəsində nəzərdə tutulan müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarlarının və onlarla bağlı satınalmaların keçirilməsi qaydasının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
7. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
9. Bu Sərəncamın 1-ci, 6-cı, 7-ci və 8-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci, 4-cü və 5-ci hissələrinin icrası İqtisadiyyat şöbəsinə, 3-cü hissəsinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə həvalə edilsin.
10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 avqust 2023-cü il