“Hacıqabul Sənaye Parkının yaradılması və “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 97 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Hacıqabul Sənaye Parkının yaradılması və “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 97 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın 1-ci, 3-cü və 4-cü hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 22 iyun 2024-cü il