“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 iyul tarixli 2257 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması prosedurunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
4. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bu Sərəncamın 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə həvalə edilsin.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 avqust 2023-cü il