“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 noyabr tarixli 4181 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, dörd ay müddətində:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 2 dekabr 2023-cü il