“Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 avqust tarixli 243 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 avqust tarixli 243 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Məhkəmə Ekspertizası Şurasının təklifləri əsasında məhkəmə ekspertizası sahəsinin inkişafı və həmin sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görsün.
3. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın 1-ci, 3-cü və 4-cü hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 avqust 2024-cü il