“Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 iyul tarixli 238 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırmaqla, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və tərtib edilmiş yerquruluşu planlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətinə aid 29,63 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini 20 (iyirmi) gün müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
3. Bu Sərəncamın 1-ci hissəsinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 avqust 2024-cü il