Nazirlər Kabinetinin 357 №-li Qərarına dair izah
Nazirlər Kabinetinin 357 №-li Qərarı “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli Sərəncamının 5.1.2.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Qərara əsasən 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək.
Kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər siyahıyaalma vərəqələrini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində dolduracaqlar. Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcək.
Qərara əsasən kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb və tərkibi təsdiq edilib.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi, əldə olunan məlumatların işlənilməsi, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər, müəllim və tələbələr, uçot sahəsində səriştəsi olan digər şəxslər cəlb olunmaqla siyahıyaalma qrupları yaradacaq və onlarla münasibətlər əmək müqaviləsi əsasında rəsmiləşdiriləcək.
Qərarın qəbul edilməsi ilə təsərrüfatların fəaliyyəti, kənd təsərrüfatı məhsullarının istehsalı, torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cinslər üzrə heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər və texnika, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə həmçinin cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi həyata keçiriləcək.
Kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi və son siyahıyaalmadan ötən dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlilinə, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılmasına və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsinə imkan yaranacaq.