Nazirlər Kabinetinin 94 №-li Qərarına dair izah
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin, strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli 2318 nömrəli Fərmanının 6.1.2-ci və 6.1.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Nizamnamə ilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin silah istehsalının, ixracının və satışının təşkilini həyata keçirən, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirən kommersiya hüquqi şəxs olması təsbit olunmuş, nizamnamə kapitalı 500,000,000 manat məbləğində müəyyən edilmişdir.
Bundan başqa, Qərarla Cəmiyyətinin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilmiş, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin aparatı, “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi və təsərrüfat cəmiyyətləri, idarə, filial və nümayəndəliklər Cəmiyyətin strukturu kimi təsdiq olunmuşdur.Bütünlükdə qeyd olunanların həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının milli müdafiə sənayesi sahəsində, eləcə də yerli müdafiə təyinatlı məmulatların istehsalının artırılması istiqamətində xarici ölkələrdən aslılığın daha da azaldılmasına imkan verəcək. Eyni zamanda rəqabətədavamlılığın, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artmasına, gəlir və xərclərə nəzarətin daha da gücləndirilməsinə və vahid prinsiplər əsasında idarə olunmasına nail olunacaq və bu sahədə işlərin daha səmərəli aparılmasını təmin ediləcək