Nazirlər Kabinetinin 475 nömrəli Qərarına və 476 nömrəli Qərarına dair izah
Qərar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərarla təsdiq edilmiş “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nda dəmiryol nəqliyyatı obyektlərində istehsalatla əlaqəsi olmayan insanların xəsarət alması, o cümlədən ölümü ilə nəticələnən hadisələrin ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən xidməti araşdırılmasına və qeydiyyatına (uçotuna) dair tələblər müəyyən edilmişdir.
Nazirlər Kabinetinin 476 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı Qaydaları”nda dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkilinə və qeydiyyatının aparılmasına dair tələblər müəyyən edilmişdir.
“Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları” dəmiryol nəqliyyatının yüksək təhlükəli zonaları hesab edilən ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında, dəmiryol stansiyalarında, sərnişin platformalarında, dəmiryol hərəkət tərkiblərində, həmçinin dəmiryol nəqliyyatının qatarların hərəkəti və manevr işləri ilə əlaqəli olan digər obyektlərində vətəndaşların olmasını, obyektlərin yerləşdirilməsini və işlərin aparılmasını təmzimləyir.