Nazirlər Kabinetinin 424 nömrəli Qərarına dair Izah
Qərarla təsdiq edilmiş qaydaya əsasən:
- “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır;
- Kolxozlarda əmək fəaliyyəti dövrünün staja hesablanması üçün “müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti” ləğv edilir, staj kolxozçunun əmək kitabçası əsasında daha asan qaydada müəyyən olunacaq;
- “Əmək pensiyaları haqqında” Qanuna əsasən 2017-ci il 1 iyul tarixinədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi, həmin tarixdən sonra isə 2 faizi (Müdafiə Nazirliyi üzrə - 3 faizi) hesablanması şərti həmin dəyişikliyi ehtiva edən Qanunun qüvvəyə mindiyi 2017-ci il 1 iyul tarixi əsas Qanunun mətnində görünmədiyindən aydınlıq baxımından Qaydalara əlavə olunur;
- Pensiyaya çıxmış hərbi qulluqçular barədə yeni məlumat vərəqi təqdim olunarsa, o halda həmin hərbi qulluqçunun pensiyası yeni məlumat vərəqi əsasında hesablanacaqdır;
- Əmək pensiyası üzrə eyni anda 3 artırılma prosesini yerinə yetirmək lazım olduqda həmin proseslərin ardıcıllığı (pensiyanın minimum məbləğə çatdırılması, maddi yardımın pensiyanın məbləğinə daxil edilməsi və pensiyanın indeksləşdirilməsi ardıcıllığı) müəyyən olunur;
- Vətəndaşa keçmiş dövr üzrə əskik və artıq pensiya ödənildiyi aşkar olunduqda həmin məbləğlərin əvəzləşdirilməsi barədə norma əlavə olunur.