Nazirlər Kabinetinin 90 №-li Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 90 №-li Qərarı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1460 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərarda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və təchizat normasının, habelə kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısının müəyyən edilməsi nəzərdə tutulur.
Qərarın qəbulu ilə kənd təsərrüfatı texnikası mülkiyyətçilərinə və istifadəçilərinə göstərilən xidmətlərin yüksəlməsinə, dövlət nəzarətinin gücləndirilməsinə və səmərəli idarəetmə mexanizminin formalaşdırılmasına, nəqliyyat vasitələrinin dövlət qeydiyyatından və dövlət texniki baxışından yayınmasının, həmçinin idarəetmə hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsinin qarşısının alınmasına imkan yaranacaqdır.