Nazirlər Kabinetinin 385 №-li Qərarına dair izah
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:
1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Həmin maddəyə əsasən, Nazirlər Kabinetinə özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısının müəyyən edilməsi həvalə edilmişdir.
Bu baxımdan adıçəkilən sənədlərin siyahısının müəyyənləşdirilməsi zərurəti yaranmışdır.