Hörmətli xanım sədr! Hörmətli deputatlar!
2024-cü il Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olmuşdur.
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirildi.
Prezident və parlament seçkilərinin nəticələri birmənalı olaraq Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə xalqımızın inam və etimadını bir daha nümayiş etdirdi.
Bu münasibətlə Milli Məclis üzvlərini təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hökumətlə Milli Məclisin qanunvericilik sahəsində birgə işgüzar fəaliyyəti və əməkdaşlıq münasibətləri bundan sonra da davam etdirilməlidir.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində dövlət suverenliyimizin tam bərpa edilməsi tarixinin əbədiləşdirilməsi üçün Cənab Prezidentin imzaladığı Sərəncama əsasən sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir.
Bir faktı da qeyd etmək istərdim. Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin bağlanmasının 30-cu ildönümü qeyd olunub.
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təməl daşıdır. Məhz bu strategiya Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, onun uzunmüddətli və davamlı iqtisadi inkişafını təmin etdi.
Bu strateji kurs bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq məharətlə və qətiyyətlə davam etdirilərək, ölkəmizin inkişafının, iqtisadi qüdrətinin və siyasi nüfuzunun yüksəlməsini, xalqımızın rifahının artmasını təmin etmişdir.
Hörmətli deputatlar!
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.
Və təsadüfi deyil ki, cənab Prezidentin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq mötəbər tədbirlərindən biri olan COP29 Bakıda keçirilmişdir.
Və çox yüksək səviyyədə, mükəmməl təşkil olunmaqla regionda ilk dəfə Azərbaycanda baş tutdu.
Ötən ilin dekabrında 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycanın COP29-un ev sahibi seçilməsi dünya miqyasında ölkəmizə və şəxsən dövlət başçısına olan böyük hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rola verilən yüksək qiymətdir.
COP29 Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin çıxışını da xüsusi qeyd etmək istərdim.
Cənab Prezident öz məzmunlu və çox-hədəfli çıxışı ilə bir daha mükəmməl diplomatik məharətini və qətiyyətli mövqeyini nümayiş etdirdi, Azərbaycanın COP29-un sədri qismində yaşıl keçidin güclü lideri olacağını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Hörmətli deputatlar!
Ölkənin əsas maliyyə sənədi olan “2025-ci il dövlət və icmal büdcə layihələri” ilə bağlı Milli Məclisin plenar iclaslarında müzakirələr yüksək səviyyədə təşkil olunub və layihələr qəbul edilib.
Buna görə hörmətli Sahibə xanım başda olmaqla Milli Məclisin rəhbərliyinə öz adımdan və Hökumət üzvləri adından təşəkkürümü ifadə edirəm.
Sentyabrın 26-da cənab Prezidentin sədrliyi ilə keçirilən “İqtisadi məsələlərə həsr olunmuş müşavirədə” dövlət başçısının qeyd etdiyi kimi “ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Və bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər də bunu təsdiqləyir”.
Bununla bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd etmək istərdim.
Artıq 11 ayda iqtisadi artım 4,1% olmuşdur, o cümlədən qeyri-neft sektorumuz 6.4% artmışdır. Strateji valyuta ehtiyatlarımız 72 mlrd. $ ötmüşdür. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir.
Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirmişdir.
Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini vermişdir.
Dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2.0%, illik inflyasiya isə 4.4% olmuşdur.
Hal-hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.
Hörmətli deputatlar!
Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti əsas hədəflər, həmçinin cənab Prezidentin Hökumət qarşısında qoyduğu əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanmışdır:
1. Ölkənin hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi;
2. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;
3. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi;
4. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin həyata keçirilməsi;
5. Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin olunması;
6. Naxçıvan Muxtar Respublikasının Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası.
Beləliklə, büdcənin hazırlanması zamanı cari vəzifələr, milli inkişaf məqsədlərinə nail olmaq üçün prioritet xərc istiqamətləri və yeni layihələrin uğurlu həyata keçirilməsi üçün büdcədə zəruri maliyyə təminatı yaradılmışdır.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnoz edilir.
Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir.
Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir.
Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5%, qeyri-neft sektoru üzrə 4,9% real artım tempi proqnozlaşdırılır.
Hörmətli deputatlar!
Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edir (~ 8,6 mlrd manat).
Möhtərəm cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində artan gəlirlərimiz hesabına əhalinin sosial müdafiəsi və rifah halının davamlı yaxşılaşması təmin edilir.
2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcəkdir.
Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir.
2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcəkdir.
Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 mlrd. manat olmaqla 4 milyon vətəndaşı əhatə etmişdir
Müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli və qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulmuşdur.
İqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi əmək bazarındakı vəziyyətdən və insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır.
Ölkəmizdə müasir, vətənpərvər gəncliyin inkişafı üçün innovativ, müasir təhsilə çıxışın artırılması, peşə təhsili və peşə hazırlığı ilə bağlı proqramların genişləndirilməsi, rəqəmsal biliklərin öyrədilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması istiqamətində büdcədən zəruri dövlət dəstəyi göstəriləcəkdir.
Səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21% artım olmuşdur.
Maliyyə təminatı nəzərə alınaraq xidmətlər zərfinin genişləndirilməsi daim Hökumətin diqqətindədir.
Sağlamlıqla bağlı hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin zərfə daxil edilməsi hazırda Hökumətin gündəliyindədir.
Hörmətli deputatlar,
Möhtərəm Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir.
2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait ayrılmışdır (o cümlədən 2025-ci ildə 4 mlrd. manat).
Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir (bugünədək 2417 ailə - 9306 nəfər).
Hörmətli deputatlar!
Cənab Prezident İlham Əliyevin dərin strateji baxışı və diplomatik səyləri nəticəsində Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı və qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırır.
Ölkəmiz regionda enerji və nəqliyyat sahələrində meqa investisiya layihələri həyata keçirir.
Eyni zamanda ölkəmizin yaşıl enerji mənbəyi kimi Avropanın aparıcı tərəfdaşlarından birinə çevrilməsi əsas hədəflər sırasındadır. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Saziş məhz bu məqsədlərə xidmət edir.
Hökumət 2030-cu ilədək enerji balansında bərpaolunan enerji payının 30 faizə yüksəldilməsini planlaşdırır.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib.
Yaşıl keçid və bərpa olunan enerji sahəsində xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr, həmçinin ikitərəfli və çoxtərəfli sazişlər Hökumətin yaşıl gündəliyinin əsasını təşkil edir.
Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Şimal–Cənub və Şərq–Qərb dəhlizlərində fəal iştirak Azərbaycanın Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır.
Ötən ay cənab Prezidentin Fərmanı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradıldı ki, bu, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsinə və onların vahid prinsiplərə uyğun idarə olunmasına xidmət edəcəkdir.
Hörmətli deputatlar,
Sizlərin əksəriyyəti təbii olaraq təmsil etdikləriniz rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edirsiniz.
Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir.
Təbii olaraq büdcədən gözləntilər hər zaman çox yüksəkdir. Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz.
Büdcə bizim imkanlarımızı əks etdirir.
Və gələn il büdcə imkanları çərçivəsində əsas vəzifələrin icrasının təmin edilməsi üçün əlimizdən gələni etməliyik.
Bildirmək istərdim ki, ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir (o cümlədən Naxçıvanda 100%). Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır.
Buna baxmayaraq yerdə qalan 3.4% abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcəkdir.
Hazırda bu istiqamətdə Hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır.
Eyni zamanda onu da qeyd edim ki, paralel olaraq “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də həyata keçirilməkdədir.
Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı qeyd etmək istərdim ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir.
Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub.
Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır.
Deputatları narahat edən məsələlərdən biri də yol infrastrukturu ilə bağlıdır.
2021-ci ildən bugünədək ölkə üzrə 2700 km-dən çox avtomobil yolları yenidən qurulmuş və təmir olunmuşdur.
Bunun yarısından çoxu yerli əhəmiyyətli yollardır (1430 km).
Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə uzunluğu 3200 km təşkil edən 45 layihə icra edilir, o cümlədən yerli əhəmiyyətli - 1275 km.
Qeyd etməliyəm ki, dövlət büdcəsində “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə 1.1 mlrd.manat və investisiya xərclərindən sosial və infrastruktur təyinatlı layihələrə 540 milyon manat vəsait ayrılacaqdır ki, bununla da bir çox məsələlərin həll edilməsi üçün işlər görüləcəkdir.
Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində Hökumət qarşısında duran ciddi vəzifələrdən biridir.
Cənab Prezident tərəfindən 2024-cü il 10 oktyabr tarixində “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” imzalanmışdır.
Bu Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur.
Su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaqdır.
Əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir. 2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılacaq və 150 milyon manat vəsait ayrılacaqdır.
Eyni zamanda Hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır.
Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur.
Deputatlar, eləcə də Hesablama Palatası tərəfindən büdcə sənədləşməsi və planlaması, neftin qiyməti, büdcə qaydası və dayanıqlığı, publik hüquqi şəxslər, borca xidmət xərcləri və Ortamüddətli Xərclər Çərçivəsi ilə bağlı təkliflər və qeydlər edilmişdir.
Milli Məclisin istər plenar, istərsə də müxtəlif komitə iclaslarında büdcə layihələrinin müzakirələri zamanı qaldırılan məsələlər aidiyyəti qurumların rəhbərləri tərəfindən cavablandırılmışdır.
Bununla yanaşı bir sıra məsələlərə münasibətimi bildirmək istərdim.
Büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində görülən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmış (125 ölkə arasında 23-cü yerdədir) və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur.
Yeni büdcə mexanizminin tətbiqi ilə bağlı mövcud qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlara 2025-2028-ci illər ərzində əlavə sosial-humanitar bölmələrin də cəlb edilməsi nəzərdə tutulur.
Publik hüquqi şəxslərin sahəvi sayının və strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.
Bir sözlə büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaqdır.
Makro-fiskal proqnozlarda risklərin baza, optimist və pessimist ssenarilərdə qiymətləndirilməsi aparılır və qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur.
Büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır.
Ümumiyyətlə, qaldırılan bir çox sosial-iqtisadi, monetar və fiskal siyasət, dövlət borcu, makroiqtisadi siyasətin koordinasiyası və digər məsələlərə İqtisadi Şuranın illik Fəaliyyət Planına uyğun olaraq baxılır, müvafiq qərarlar qəbul olunur və aidiyyəti üzrə razılaşdırılır.
Növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri “balanslaşdırılmış büdcə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin” təmin edilməsi olacaqdır.
Hörmətli millət vəkilləri,
Büdcə müzakirələri zamanı qaldırılan məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən daim diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.
Çıxışımın sonunda bir daha aparılan müzakirələrə görə, hörmətli xanım Sədr Sizə və deputatlara minnətdarlığımı bildirirəm.
Diqqətinizə görə çox sağ olun!